Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm

Şəmkir Azərbaycanın qərbində yerləşən qədim şəhərdir. Münasib iqlimə, gözəl təbiətə, zəngin mədəni və tarixi irsə, inkişaf etmiş infrastruktura malik Şəmkir turistlər üçün olduqca cəlbedicidir. 

Şəmkir şəhərində yerləşən turizm obyektləri

Şəmkirin 5 əsas- Nizami, Səməd Vurğun, Israfil Məmmədov, Həzi Aslanov və Sabir küçəsi alman həyat tərzinin və ya Almaniyanin bir növ memoriyalıdır. Əvvəllər bu küçələr sadəcə Birinci, İkinci, Üçüncü və sair adlandırılırdı. Burada hər şey- evlər, çəpərlər, arxlar, rənglər, ağacların küçələr boyu düzlüşü, kiçik parklar – hər detal, hər məkan insanda elə təəssürat yaradır ki, sanki tarix canlıdır, dünən heç olmayıb və almanlar yenidən Şəmkirdə qonaqdırlar.

Bilməyənlər düşünər ki, almanlar hara, Şəmkir hara... Buradan başlayaq ki, 1816-1818-ci illərdə almanlar Qafqaza köçürülürlər. Mühacirlər əvvəlcə Gürcüstana gəlirlər. 1818-cu ilin yazında isə Azərbaycana çatırlar. Burada əslən Vürtemberqdən olanlar ilk iki koloniyanın: Yelenendorf və Annenfeldin (indiki Göygöl və Şəmkir) əsasını qoyurlar. 1888-ci ildə isə Şəmkirçayın sahilində yeni alman məskəni Georqsfeld (indiki Çinarlı qəsəbəsi) yaradılır. 1906-cı ildə isə Gürcüstandakı almanlar da Şəmkirə köçür və Eygenfeld, indiki İrmaşlı kəndinin əsasını qoyurlar.

1909 –cı ildə Almanlar tərəfindən tikilmiş” Lüteran”  Alman kilsəsi


Şəmkirdə, Həzi Aslanov küçəsində alman Lüteran kilsəsi ucalır. Kirxa 1909-cu ildə neoqotik üslübda tikilib və 1941-ci ilədək kilsə kimi istifadə olunub.
Almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salınmışdır. Parkda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmış, uşaq attraksionları quraşdırılmışdır. Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da vardır.

Bundan başqa Şəmkir şəhərində Xəqani Parkı, İstiqlal  Parkı, Abidələr Parkı da vardır.

Səyahətçilərin diqqətini bu diyarın tarixinin almanlarla bağlı səhifələri xüsusilə cəlb edir. Burada XIX-XX əsrlərdə alman koloniyalarının mövcud olduğu dövrdən bir çox tarixi sübutlar – alman evlərinin tikildiyi küçələr, Lüteran kilsəsi, şərab istehsalı və s. qalıb. Son 2 ildə Şəmkir sözün həqiqi mənasında dəyişib: yeni rahat parklar, otellər, əyləncə kompleksləri, restoranlar tikilib, müasir ticarət pasajı açılıb. Bir sözlə, bu şəhər həm marağa, həm də cibə uyğun istirahət təklif edə bilər.

Bayraq Meydanı və Şəmkirdəki Heydər Əliyev Mərkəzinin yaxınlığında böyük şəhər parkı salınıb. 2013-cü ildə açılan parkın ümumi sahəsi 22 hektardır. Onun ərazisində 7 müasir fəvvarə var, 800 metr uzunluğunda tunel tipli su kanalları çəkilib, kanalların üzərindən 10 körpü salınıb. Parkda həmçinin süni göl yaradılıb, təxminən 20 min bəzək ağacı və müxtəlif növ gül əkilib.

Şəmkir şəhər parkının özəl cəhəti isə böyük əyləncə mərkəzidir. Mərkəzdə çoxlu sayda açıq hava attraksionları və 150-dən çox oyun avtomatı olan örtülü pavilyon var. Açıq havada 12 növ başgicəlləndirici yelləncək və attraksion, o cümlədən bu gün Azərbaycanda yeganə olan “Amerikan təpəcikləri” quraşdırılıb.

Parkdakı orijinal “Şamburg” “fast-food” restoranında qəlyanaltı etmək və “ŞəmŞirin” qənnadı evində şirniyyatlar dadmaq olar. “Şamburg”da əlüstü yemək restoranlarının ən yaxşı ənənələri gözlənilib. Burada hamburger, fransız kartofu və qızardılmış toyuq, “naggets”, kokteyl, dondurma, şirələr və s. yemək olar. Bütün yeməklər qatqısızdır, yerli ət, süd, tərəvəz və digər ekoloji cəhətdən saf məhsullardan istifadə olunmaqla hazırlanıb. Məsələn, pomidor Şəmkirdən, kartof Gədəbəydə, toyuq əti “Şəmkir-Quşçuluq” fabrikindən alınır.

“ŞəmŞirin” qənnadı evinin də öyünməyə haqqı var. Buranın fərqləndirici xüsusiyyəti təklif edilən şirniyyatın reseptlərinə ciddi əməl etmədir. Bu qənnadı evində İtaliyadakı kimi həqiqi “tiramisu” dadmaq olar. “ŞəmŞirin” ustaları əmindirlər ki, bu məşhur italyan deserti yalnız “maskarpone” desert pendirindən istifadə etməklə hazırlana bilər və ustalar belə də edirlər. Klassik Amerikan piroqu “çizkeyk”in və ya bişirilmiş kremdən olan karamel qabıqlı “krem-brüle”, eləcə də fransız mətbəxinin şah əsəri “profitroli” və digər kökələrin hazırlanmasının da öz sirləri var. Ənənəvi reseptlər və orijinal məhsullardan istifadə “ŞəmŞirin”dəki bişintilərə gözəl dad verir. Təəccüblü deyil ki, “ŞəmŞirin”in bişintilərinə yalnız şəmkirlilərin yox, həm də qonşu rayonların sakinlərinin, hətta bakılıların böyük tələbatı var.
Alman evlərinin sırası ilə üzüyuxarı qalxsanız, İstiqlal parkının üstünə gedib çıxacaqsınız. Parkda həm də maraqlı heykəltaraşlıq kompazısyası var: royal arxasında əyləşən dahi bəstəkar Üzeyir Hacıbəyli və yanında dayanan, şəmkirli dahi şair Əhməd Cavad. Bu iki dahi Azərbaycan himninin necə ərsəyə gəldiyini bir daha xatırladır.

Şəmkirdə daha bir maraqlı yer “Abidələr Parkı”dır. Burada Azərbaycanın ən məhşur görməli yerləri, tarixi tikililər ucalır, təbii ki kiçik ölçülərdə. Parkın planı Azərbaycan xəritəsinin cizgilərini təkrarlayır, Xəzər dənizinin isə fəvvarələrlə bəzdilmiş hovuz təcəssüm etdirir.

Şəmkir rayon Tarix-Diyarşünaslıq muzeyi

Muzey 1971-ci ildə yaradılıb. Muzey 2015-ci ildə muzeydə əsaslı yenidənqurma və təmir işləri başladılmış, 2017-ci ildə başa çatmışdır.

Muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6146 eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.
Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.

Hazırda muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.

 

Şəmkir rayonu ərazisində yerləşən digər turizm obyektləri

 

Qədim Şəmkir şəhərinin qalıqları

Şəhərin qalıqları dünya əhəmiyyətli tarix  və mədəniyyət abidəsi hesab olunur. İlk baxışda nahamar təpəliklər görünür, yaxınlaşdıqca qədim daşların, tarixi Şəmkir qalıqlarının üzə çıxdığının şahidi oluruq. 2007-ci ildən bu günədək arxeoloq-alimlər Şəmkirin tarixini addım-addım, misqal-misqal yerin altından üstünə çıxardılar. Məhz onların əməyi sayəsində IX əsrin monumental binası qonaqlarını qarşılayır.

Vaxtilə bu tikili 9 otaqdan ibarət olub. Otaqların mərkəzindən arxaik üslubda sütunlar ucalırmış. Sütunlar boyunca eyvanlar yerləşirmiş və bu eyvanlardan həyətə qapılar açılırmış. Qazıntı işləri hələ də davam etsə də alimlər ehtimal edirlər ki, Şəmkir qalıqları arasında aşkar edilən bu yaşayış tikilisinin 6-7 metr hündürlüyü olub. Tikilinin eyvanları gəc bəzəklərə işlənib. Bütövlükdə kompleks 2000 kv.m sahəyədək ərazini əhatə edib.

Tikili XI əsrin əvvəllərinə qədər fəaliyyətdə olub. Çünki göstərilən tarixdə burada yanğın baş verib, insanlar binanı tərk etməli olublar. Ötən əsirdə almanlar Samirədə bu tikilinin planında inşa edilən kompleks aşkarladıqdan sonra məlum olub ki, Xəlifə Buğa Azərbaycana canişin təyin olunanda oradakı tikilinin kiçik modelini qədim Şəmkirdə yaradıbmış.

Yeri gəlmişkən, bu, saray tipli kompleksdir və Azərbaycanda bu günədək orta əsarlərə aid belə bir kompleks öyrənilməyib. Aran memarlıq məktəbini öyrənmək üçün ən zəngin material da məhz burada-qədim Şəmkirdədir.

Qədim Şəmkir iki qala divarı ilə əhatə olunub. Narın qalanın Şimal divarı, ondan 4 metr şimalda isə Şəhristan divarı yerləşir. Onlar arasında dar dəhliz mövcuddur. Bu müdafiə baxımdan ağıllı düşünülmüş arxitektura həlli hesab olunur. Qala divarları ətrafda aparılmış arxeoloji qazıntılar zamanı insan sümükləri də aşkarlanıb. Təxminlərə görə, bu sümüklər vaxtilə qala ətrafında gedən döyüşlərdə həlak olan döyüşçülərə məxsusdur.

Tikilidən aralıda qədim körpünün qalıqlarını görürük. Təxmin edilir ki, körpünün 10-dan çox aşırımı olub. Körpünün hekayəsinə gəlincə... Bir vaxtlar Gəncədən çıxan karvanlar bu körpüyə qədər gələr, Şəmkirə baş çəkər, buradan Tiflisə gedər, oradan da Qara dənizə keçərmişlər.

Qədim Şəmkiri əhatə edən qala divarlarının iki fərqli rəngdə olması da turistlərin diqqətini çəkir. Divarin belə olmasının səbəbi isə, monqollar gələnə qədər divarların səliqə ilə bişmiş kərpic, Zəyəm daşı ilə hörülürmüş. Çay daşlarından isə dekorativ məqsədlə istifadə olunurmuş. XI əsrə qədər tikili öz gözəlliyini qorusa da, monqolların hücumu zamanı qala divarları dağıdılır. XIV əsrdə onlar qala divarlarını bərpa etmək istəyirlər, kobud və səliqəsiz formada çiy kərpiclə divarın dağıdılmış üst tərəfini tamamlayırlar.

Bundan başqa rayonun Qaracəmirli kəndinin ərazisində  arxoloji qazıntılar nətiçəsində tapılan Yeraltı Muncuqlu yaşayış yeri də vardır. Muncuqlu bizim eradan əvvəl I minilliyə aid tarix və mədəniyyət abidəsidir.

Şəmkirin Yeni Həyat kəndi ərazisində yerləşən Didivan bürcü tarixi abidəsi isə XVII əsrə aiddir.


Rayonun Yuxarı Seyfəli və Tatrlı kəndləri ərazisində isə “Qız Qalsı” tarix və mədəniyyət abidəsi vardır.


Zəyəm nekropolu rayonun Zəyəm qəsəbəsində, Baydar şəhər xarabalığıBaydar ocağı Bayramlı kəndində yerləşir.


Eyni zamanda Şəmkir rayonunun Nərimanlı kənd ərazisində dağ və meşə turizmi də inkişaf etmişdir. Ərazidə yaradılan Şəmkirçay Su Anbarı turistlərin marağına səbəb olur.

Bundan başqa Şəmkir rayonunun Çənlibel kəndi də turizm imkanları geniş olan ərazidir. Burada yerləşən Yastı meşə massivi turizstlər üçün maraq doğuran ərazilərdəndir.

Yastı meşə yaxınlığında yerləşən Maral bağı isə turistlərin ən çox sevdiyi məkandır. Kiminə görə bura açıq səma altında zoopark, kiminə görə istirahət mərkəzi, kiminə görə isə təbiət qoynunda yaradılmış piknik zonadır. Əslində isə bu məkan sayılan bütün xidmətləri şəmkirlilərə və turistlərə təklif edir. Söhbət “Maral bağı”ndan gedir. Şəmkirin mərkəzindən “Maral bağı”na 45 dəqiqəlik yoldur. Bura getmək üçün Çənlibel kəndindən, təbiyyətin bütün gözəlliklərinə, düzəndən dağa doğru linasını dəyişən təbiətdən keçərək gedirsiniz.

Məkana ayaq basar-basmaz görəcəksiniz ki, dağlar sizi dövrəyə alıb. Və siz bu halqanın qaşısınız. İnsan məhz dağların qucaq açdığını görəndə özünü parıldayan cəvahirat kimi hiss edir. Daha doğrusu gözəl Şəmkir təbiəti bu hissləri yaşadır. Dağ döşündə taxtadan kiçik evlər səpələnib.
Məkan gözəl, piknik ab-havası cəlbedici, bəs marallar hanı?

Məlumat üçün deyək ki, 60 baş maralı bir il əvvəl Rusyanın Altay vilayətindən Çənlibel kəndinə gətirilib və onların burada rahat şəkildə yaşaması üçün 100 hektar sahə ayrılıb. Min metrdən çox yüksəklikə yerləşdiyindən bura marallar üçün ən uyğun yerdir.

Maralların bəsləndiyi yerə ayaq basanda maralla rastlaşmaya bilərsiniz. Maralları çağırmaq rituala bağlıdır. Ritual isə çox sadədir: dəmir parçasını götürün və var gücünüzlə onların bəsləndiyi yem qablarına vurun. Dəmirin çıxardığı əks-səda gözdən itən təpəliklərə qədər yayılacaq və əlbəttə ki, maralların da qulağına çatacaq. Dəvətdən sonra haqqında yazdığımız marallar asta-asta sizin görüşünüzə gəlir.

Şəmkirdə turistlərin yerləşdirilməsi ilə bağlı vəziyyət olduqca yaxşıdır. Burada ucuz motellərdən tutmuş lüks 5 ulduzlu otellərədək müxtəlif mehmanxanalar fəaliyyət göstərir. Sonunculardan biri də “Excelsior Hotel Şəmkir”dir. Bina tipik Avropa üslübunda layihələndirilərək inşa olunub və Şəmkirdəki bir çox tikililər kimi köhnə Almaniya ilə bağlı xatirələr oyadır. Bununla yanaşı otelin otaqlarının dizaynında qədim Şəmkir xalçalarının naxışlarından da istifadə olunub.

1. “Exselsior  Hotel Şəmkir”

2. “Sərxan” Hotel

3. “Meridian” Hotel

 

Əgər siz də bu gözəllikləri görmək istəyirsinizsə, Şəmkirə gəlin!

 

Keçidlər