Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Ötən dövrlər ərzində Azərbaycan Respublikasında qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur. Əldə olunmuş sosial-iqtisadi inkişaf səviyyəsini qorumaq və daha da möhkəmləndirmək məqsədilə müasir texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sənaye məhsulunun dinamik artımı təmin edilmişdir.
Rayon iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikində 420 min baş quş saxlanılır. Gündəlik 300 min ədəd yumurta istehsal olunur. Hazırda müəssisədə 70 nəfər işçi çalışır. “Şəmkir Quşçuluq” fabrikinin istehsal etdiyi yumurta Azərbaycanın müxtəlif regionlarında satılır. “Şəmkir Quşçuluq” Azərbaycanda istehsal olunan yumurtanın 9-10 faizini istehsal edir”. “AtaHolding” ASC-nin sənaye sektorunda fəaliyyət göstərən “Şəmkir Quşçuluq” fabrikinin internet səhifəsi istifadəyə verilib.
www.murtta.az ünvanında istifadəyə verilən fabrikin internet səhifəsində fabrikin bütün sənaye keyfiyyət standartlarına uyğun istehsal etdiyi “murtta” brendi haqqında geniş məlumat verilir. İnternet səhifədə fabrikin ünvanı, telefonu, e-mail ünavanı qeyd olunub. “Şəmkir Quşçuluq” fabriki rayonun Yeni Həyat kəndi ərazəsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir.
Şəmkir rayon Sarıtəpə kəndi yaxınlığında yerləşən “AzAqro” MMC-yə məxsus sahəsi 2.5 hektar olan istilikxana kompleksində il ərzində 2 milyon ədəd gül yetişdirilir. Müəssisədə hazırda 40 nəfər işçi çalışır.
“AzAqro” MMC Şəmkirdə yetişdirilən holland qızılgüllərinin yeni “Sbuket” brendi ilə paytaxt üzrə gül dükanlarına çatdırılmasını həyata keçirir.
“Ən təravətli qızılgüllər, hər gün”-sloqanı ilə yüksək səviyyəli xidmət təklif edən şirkət öz müştərilərinə 3-ü qırmızı rəng çalarlarında, 1-i ağ rəngdə, 1-i isə ağ-çəhrayı rəng qarışığında olan 5 növ qızılgül (“Avalanche”, “Red Naomi”, “Candy Avalanche”, “Myrna”, “Touchee”) təqdim edir.
“AzAqro” MMC 2008-ci ildə təsis edilmiş və 2010-cu ildən etibarən “Synergy Group” ASC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəltmişdir. Hollandiyadan gətirilmiş tinglər vasitəsilə Azərbaycanda qızılgül istehsalı bu sahəyə qoyulan mühüm strateji addım kimi dəyərləndirilir. Şəmkir rayonunun Sarıtəpə kəndində yaradılmış və hazırda ən müasir texnologiyalarla qurulmuş istixana kompleksində qızılgül istehsalı həyata keçirilir.
Şəmkirdə  innovativ holland texnologiyaları əsasında yetişdirilən qızılgüllər artıq Gürcüstan  bazarına təqdim olunmuşdur. Belə ki, “AzAqro” MMC və Gürcüstan Respublikası tərəfindən “Lətifoğulları” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Artıq “Avalanche”, “Candy Avalanhce ”, “Red Naomi”, “Myrna ”, “Touchee” sortlarından ibarət ümumilikdə 11000 ədəd qızıl gül iki səfərdə Gürcüstana çatdırılmışdır. Bu rəqəmin ayda 30000 ədəd olacağı gözlənilir.
Şərabçılıq Şəmkirdə ənənəvi istehsal sahəsidir. Bu ənənə indi də yaşayır və onun davam etdirilməsi istiqamətində mühüm işlər görülür. "Şərq ulduzu" MMC-nin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 2006-cı ildə yaradılan müəssisə hazırda 2 min ton üzümü emal etmək gücünə malikdir. Şərab zavodu ən müasir texnologiyaların tətbiqi əsasında qurulmuşdur. Burada quraşdırılan avadanlıq Almaniya və İtaliya istehsalıdır. Hazırda zavodda 9 növ şərab istehsal edilir. "Şardane", "Bayan şirə", "Merlot", "Rikasiteli", "Sapiravi", "Kaberne savinyon" və "Şiraz" şərabları onların əldə olunduqları üzüm sortlarının adını daşıyır. Şərab məhsullarından konyak spirti də emal edilir
Şəmkir rayonunda 108 hektar üzüm sahəsi vardır. Üzüm bağları Fransa, İran və Gürcüstandan gətirilən və yerli tinglər hesabına salınmışdır. Bu bağlarda "Şardane", "Bayan şirə", "Merlot", "Rikasiteli", "Sapiravi", "Kaberne savinyon", "Şiraz" kimi üzüm sortları yetişdirilir. Vətəni Ön Asiya olan "Şiraz" üzüm sortu ilk dəfə məhz Şəmkirdə yetişdirilmişdir. "Bayan şirə" isə keçmiş sovetlər dönəmində ən yararsız sortlardan hesab olunsa da, indi onun yetişdirilmə və şərabının hazırlanması texnologiyasında yeniliklər əldə olunmuşdur. İndi bu sortdan alınan məhsul ən qiymətli şərab hesab olunur.
Alman layihəsi əsasında qurulmuş zavodda tutumu 14 tondan 37 tonadək olan 63 çən qoyulmuşdur. Bütün istehsal prosesi kompüterlə idarə olunur. Qiymətli şərab növlərinin saxlandığı taxta çəlləklər isə palıddan hazırlanmışdır.
Müəssisədəki mühüm avadanlıqdan biri də vakuum-membran presdir. Fransa istehsalı olan bu avadanlıq üzümün sıxılması prosesini həyata keçirir. Avadanlığın üstün xüsusiyyəti ondan ibarətdir ki, o, üzümün qabığını və toxumunu əzmir. Bu da şərabın dadının dəyişmə ehtimalını sıfıra endirir. Şərabın saxlanma temperaturuna da ciddi diqqət yetirilir, müəssisədə zəruri mənfi 14-18 dərəcə temperatur rejimi tətbiq olunur. Şərab dolduran avadanlıq Moldovadan alınmışdır. Bu avadanlıq saatda 3 min ədəd şüşə doldura bilir.
Müəssisədə istehsal olunan şərablar 2008-ci ildə Moskvada keçirilən 2-ci beynəlxalq festivalda qızıl, gümüş və qran-pri mükafatlarına layiq görülmüşdür. Əldə olunan uğurlara görə müəssisəyə İSO:22000 beynəlxalq sertifikatı verilmişdir.
Prezident İlham Əliyevin  2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar olaraq sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sektorunun şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, dövlətin güzəştli kreditləri hesabına çörəkbişirmə sənayesində ən müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə regionlarda və Bakı şəhərinin qəsəbələrində müasir çörək zavodlarının yaradılmasıdır. Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir rayonunda inşa edilib. Müəssisə 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal - su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır. Çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb. Zavodda “Nəfis çörək” brendi ilə ilkin olaraq 15 növ - sosial, baton, baton kəpəkli, kərpic dietik, kərpic çovdar, tost, dairəvi alman çovdar çörəyi, fransız bageti, türk batonu, borodin çörəyi, rus Baltik çörəyi, rus karavayı, Litva çörəyi, duzbucaqlı və üzümlü çiabatta çörəkləri, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsal olunacaq. Gələcəkdə məhsulların növləri artırılacaq. Gündəlik layihə gücü 50 ton olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Un xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilərək hər birinin tutumu 30 ton olan 4 anbara boşaldılır. Bu andan etibarən istehsal prosesi başa çatanadək məhsula insan əli dəymir. Çörəklər növündən asılı olaraq xüsusi xətt vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır ki, bu da məhsulun istifadə müddətini 48 saatadək artırır. Müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.
Rayonun əhalisi fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin edilir.
Rayon üzrə ümumi abonentlərin sayı 46374 nəfərə çatmışdır. 46374  nəfər abonentə 100 faiz sayğac quraşdırılmışdır. Ümumi 12.1 km uzunluğunda giriş kabel xətləri yeni quraşdırılmışdır. 548 ədəd elektron tipli sayğac quraşdırılmışdır. 660 ədəd sayğac isə dəyişdirilmişdir. 384 ədəd SMART KART tipli sayğac quraşdırılmışdır.. 406 ədəd trasformator məntəqəsində təmir işləri aparılmışdır. Ümumilikdə 43 ədəd dayaq dəyişdirilmişdir. Şəhərin mərkəzi küçələrində elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi və işıqlandırma sisteminin müasirləşdirilməsi işləri davam etdirilir.  
2014-cü ildə rayonun 1 şəhər, 4 qəsəbə və 41 yaşayış məntəqəsi fasiləsiz olaraq təbii qazla təmin olunur. Abonentlərin sayı 36137 nəfərdir. Şəmkir şəhərində R.Əliyev, İ.Məmmədov, Şəmkir və M.Əzizbəyov küçələrində qaz xətləri rekonstruksiya olunaraq yenidən çəkilmişdir. Qaz təchizatını yaxşılaşdırmaq məqsədilə şəhərdə  6ədəd, Dəllər qəsəbəsində 3ədəd, Düyərli kəndində 1ədəd, Şiştəpə kəndində 1ədəd müasir tipli yeni qaz təmizləyici şkaflar quraşdırılmışdır.
Muxtariyyə, Qaralar və Bayramlı kəndlərinin qazlaşdırılması istiqamətində işlərin çox hissəsi görülmüşdür. Şəmkir şəhərinin mərkəzi küçələrində 2346 ədəd “Smartkart” tipli sayğaclar quraşdırılmışdır. Şəmkir rayonunda yeni tikilmiş inzibati binalar istilik təchizatı ilə təmin olunmuşdur.  16 və 36 mənzilli Qarabağ əlilləri və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş yaşayış binaları istilik sistemi ilə təmin edilmişdir. Hərbi şəhərcikdə yerləşən yaşayış binalarının 4 ədədi istilik sistemi ilə tam təmin edilmiş və digər binalarda işlər ardıcıl olaraq  davam etdirilir.
Yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı 3 km yolunda saxlanma və cari təmir işləri görülmüşdür. Şəmkir-Şiştəpə avtomobil yolunun 5 km hissəsi əsaslı təmir olunmuş və yeni asfalt örtüyü salınmışdır.          
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 iyun 2014 cü il tarixli sərəncamı ilə 5 (beş) min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə- Dağ Cəyir avtomobil yolunun tikinisi üçün 3 (üç) milyon manat vəsait ayrılmışdır. Həmin yolda hal-hazıradək 6.770 km hissəsində təmir-tikinti işləri görülmüşdür.
Telekommunikasiya qovşağının inzibati binası əsaslı təmir edilmiş, müasir tipli elektron ATS quraşdırılmışdır.Şəmkir şəhərinin  mərkəzi küçələrində aparılan abadlıq quruculuq işləri ilə bağlı hava rabitə xətləri yeraltı kanallar tikilməklə texniki norma daxilində işlər davam etdirilir.
Qasım İsmayılov, Qaralar və Daşbulaq kəndlərində yeni quraşdırılmış EATS-lərin abonentlərə verilməsi, geniş zolaqlı internet xidməti ilə təmini işləri başa çatdırılmışdır. Şəhərin Posanlı yaşayış məntəqəsi, Dəllər qəsəbəsi, Zəyəm qəsəbəsi, Şiştəpə, Düyərli, Təzəkənd və Abbaslı kəndlərində yeni tipli texniki normaya uyğun xətt təsərrüfatının yaradılması işlərinə başlanmışdır. Daşbulaq kəndində EATS-128 nömrə tutumlu avadanlığın quraşdırma işləri aparılır.
Abonentlərə 416 telefon xətti çəkilmiş, ümumi montaj tutumu 19000 ədədə çatdırılmışdır. Geniş zolaqlı internet istifadəçilərinin sayı 4600 ədədə çatdırılmışdır.
Müasir texnologiya əsasında rekonstruksiya işlərində heç bir problem olmamışdır.
2014-cü ilin ərzində şəhər ərazisində 29398 km magistral su xətti çəkilərək 2504 evə yeni içməli su çıxışları verilmişdir. 4041 ədəd  “Smartkart “ tipli yeni su sayğacı quraşdırılmışdır.  
“Azərsu” SC-nin sifarişi ilə “Akkord” şirkəti tərəfindən su kanalizasiya sisteminin yenidən qurulması, şəhərin mərkəzi küçələrində başa çatdırılmışdır.
Rayon üzrə 2014-cü ilin ərzində 121886 ha sahə suvarılmışdır, meliorasiya olunmuş sahələr yoxdur.
2014-cü il ərzində əkin sahələrinin su təminatını tam təmin etmək üçün bütün su mənbələrindən maksimum istifadə olunmuşdur. Belə ki, Şəmkir çayı ilə 44370 min.m3, Zəyəm çayı ilə 8030 min.m3,Nasos stansiyaları ilə 15314 min.m3, Maşın kanalla 13182 min.m3, Subartezian quyuları ilə 57736 min.m3, Daxili qaynamalarla 12018 min.m3 su sərfi olmuşdur.
Şəhərin Posanlı yaşayış məntəqəsində, Zəyəm qəsəbəsində, Yeniabad, Mahmudlu, Aşağı Seyfəli, Q.İsmayılov, Düyərli, Zəyəm Cırdaxan, Qaracəmirli, Qılıncbəyli, Keçili, Dəllər Cəyir və Sabirkənd kəndlərində subartezian quyularının qazılması başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 1044 №-li Sərəncamı ilə Dövlət Proqramına  əlavə edilmiş Şəmkir Su anbarı və kiçik SES-in  tikintisi başa çatdırılmışdır. Şəmkirçay su anbarında Elektrik stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Şəmkirçay su anbarında, əsas hidrotexniki qurğular və magistral kanallar mövcuddur. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb. Gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaqdır.
Şəmkirçay üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan yeni aqroparkın yaradılmasına geniş imkanlar açıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu imkandan istifadə edilməklə rayonda Aqroparkın tikintisi layihələndirilib. Bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, aqroparkla “Zəyəm Texnologiyalar Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək. Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək.
Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini gücləndirməklə onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq. Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.
Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və  aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika - məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. “Şəmkir Aqropark”da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcəkdir.
    
Gələcəkdə görüləcək infrastruktur layihələri:

Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlarda aşağıdakılardır.  
• Şəmkir şəhərində içməli su, kanalizasiya sisteminin yenidən qurulması üzrə geniş miqyaslı işlərin  davam etdirilməsi. Əlavə subartezian quyularının qazılması.
• Rayonda yeni məktəb, uşaq bağçası və səhiyyə ocaqlarının tikintisi, hal-hazırda rayon üzrə 1 orta məktəbin tikintisi aparılır.
• Şəmkir şəhərində kənd və qəsəbələrdə yolların asfaltlaşdırılması.
• Rayonun Bayramlı, Qılıncbəyli, Qaralar və Muxtariyyat kəndlərinin qazlaşdırılması, bu istiqamətdə müvafiq işləri davam etdirililir.
• Şəhər ərazisində yeni Kitabxana binasının tikintisi.
• Şəmkiri Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Şəmkir şəhər, Zəyəm qəsəbə və Çənlibel kəndlərində yanğından mühafizə bölmələrinin tikintisi.

Keçidlər