Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımı qurbanlarının xatirəsi anılıb

25 fevral 2017 | 16:00

Fevralın 25-də Şəmkir şəhərindəki Şəhidlər xiyabanında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xiyabanda ucaldılmış soyqırımı abidəsinin önünə tər çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar. Bundan başqa rayon rəsmiləri Xocalı faciəsinin ildönümünə həsr olunmuş əbədi-bədii kompazisyanı dinləyib. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 1275 adam girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez cəzalarına çatacaqlar.
Tədbirin sonunda rayon rəhbərliyinin də iştirakı ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün ağacəkmə aksiyası keçirilib.

Keçidlər