Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər Naziri Fazil Məmmədov Şəmkir rayon ictimayəti və sahibkarlarla görüş keçirmişdir.

01 fevral 2016 | 16:00

Fevralın 1-də vergilər naziri Fazil Məmmədov Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar iştirak ediblər.
Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən iqtisadi proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar nəticəsində dünya qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib.
F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi durumdan zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə də məlumat verib. Qeyd olunub ki, mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsi, əksinə, yeni iş yerlərinin yaradılması qarşıda duran ən mühüm vəzifələrdəndir.
Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov Prezident İlham Əliyev tərəfindən qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji istiqamətlər barədə də söhbət açıb. Bildirilib ki, 2016-cı ildə iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafına, qeyri-neft sektorunun ümumdaxili məhsulda, eləcə də büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində ciddi canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.
Diqqətə çatdırılıb ki, yerli sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır. Biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarların dəstəklənməsi məqsədilə vergi qanunvericiliyinə ciddi dəyişikliklər edilərək vergi güzəştləri verilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarlıq subyektlərində yoxlamaların əksəriyyəti dayandırılıb, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə yeni qanunvericlik sənədləri təsdiq edilib. F.Məmmədov bildirib ki, sahibkarlar bu dəstəkdən faydalanaraq, daxili bazarın tələblərini təmin edəcək həcmdə məhsul istehsalına nail olmalıdırlar.
F.Məmmədov yerli sahibkarlara müraciət edərək, onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsala söykənən layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, Şəmkir rayonunda kənd təsərrüfatının, turizmin daha sürətli inkişafı üçün böyük potensial var. Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir, Şəmkir rayonu ərazisində də belə bir sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçirilməli olduğunu bildirib.
Son illər rayonda açılmış yeni müəssisələr barədə danışan nazir, bu müəssisələrin əksəriyyətinin bölgədə böyük investisiyatutumlu layihələr olduğunu vurğulayıb. Şəmkirçay su anbarının ölkəmizin qeyri-neft sektorunda həyata keçirilən ən böyük investisiya layihələrindən biri olduğunu söyləyən F.Məmmədov, bununla Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli suyun verilməsinin təmin edildiyini, Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında on minlərlə hektardan artıq sahənin su təminatının yaxşılaşdırıldığını qeyd edib.
Şəmkirdə yeni texnologiyalara əsaslanan müasir tipli sahibkarlıq subyektlərinin istifadəyə verildiyini də bildirən nazir, gələcəkdə 3000-dək yeni iş yerinin yaradılması nəzərdə tutulan Şəmkir Aqroparkının, müasir texnoloji avadanlıqlarla təchiz olunmuş “Zəyəm Texnologiyalar Parkı”nın və çörək zavodunun əhəmiyyətindən danışıb.
Vergilər naziri Şəmkir rayonunun dövlət büdcəsindən aldığı dotasiyanın azaldılması istiqamətində müvafiq addımlar atılmasının zəruriliyini diqqətə çatdırıb.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda sahibkarlığın inkişafına yaradılan şəraitdən, gələcəkdə rayon rəhbərliyinin və sahibkarların qarşısında duran vəzifələrdən danışıb.
Sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Şəmkir rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kredit resurslarının ayrılması, fermerlərə texnika verilməsində və gübrə əldə edilməsində kömək göstərilməsi, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılması, iş adamlarına dövlət dəstəyinin artırılması və s. təkliflərlə çıxış ediblər.
Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını, onların həlli istiqamətində sahibkarlara kömək göstəriləcəyini bildirib.

Keçidlər