Şriftin ölçüsü :

Saytın rəngi :

APREL ZƏFƏRİ- ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ

02 aprel 2020 | 16:00

APREL ZƏFƏRİ- ŞƏHİDLƏRİMİZİ QÜRURLA ANIRIQ

Haradan başlanır Vətən?

Doğma ocaqdan, al-əlvan diyardan, eldən-obadan və nəhayət insanın qəlbinin özündən başlanır Vətən! Ana Vətən!
Azərbaycan xalqı hər zaman öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətəni canından əziz tutmuşdur. Bunu aprel döyüşlərində bu millət uğrunda canından, qanından keçən şəhidlərimiz də göstərdilər.

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Ötən ilin bu vədələrində Aprel Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq haqqında söhbətlər ildırım sürəti ilə hər tərəfə yayıldı. Hər yerdə, hər ailədə onların igidliyindən danışılmağa başlandı.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu millət bir tarix yazdı-“Aprel Zəfəri”.

“Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” - Ali Baş Komandan İlham Əliyev
Bəli, həmin gün damarında türk qanı axan hər kəs sərhəddə, əsgərlərimizin dəstəyinə getməyə can atdı. Xalqımıza qarşı əsrlər boyu düşmən tərəfindən törədilən cinayətlər qorxutmadı türk oğlu türkü.

Həmin gün Azərbaycanın “Aprel Zəfəri”ndə vətən uğrundan canından, qanından keçən mərd oğullarımız vardı. Onlar qanlarıyla vətənin müdafiəsinə qalxdılar, düşmənə Azərbaycan xalqının qüdrətini göstərdilər.

O, qəhrəman oğulların sırasında polkovnik Vuqar Yusifov, çavuş Təbriz Əsgərov, Altun Dəmirli və Vusal Alıyev, Nurlan Qasımov da vardı.

Bu igid oğullar Vətən və millət uğrunda ötən ilin aprelində canlarından keçdilər. Vətən yolunda şəhid olmağa hazır olan və düşmənə üstün gələn ən mühüm əsaslardan biri “Ölsəm, şəhidəm, qalsam qəhrəman” inancını qoymuşdular qarşılarına.

Çünki bu qərəman oğullar yurdunu sevir, millətinə xidmət etməyi şərəfli bir vəzifə bilirdilər.

Ruhunuz şad olsun şəhidlərimiz!

Sizləri qürurla anırıq.

ALLAH RƏHMƏT ELƏSİN!

Keçidlər