Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRLİLƏR HƏR ZAMAN CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİB" - KÖNÜLLÜ SAKİNLƏRİ

08 avqust 2018 | 16:00

Bu gün Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir.

Respublika Prezidenti İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edən vətəndaş məmnunluğu Şəmkir rayonunda hər zaman ön plana çəkilir, vətəndaşa göstərilən diqqət və qayğı ən yüksək səviyyəyə çatdırılır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyətdə olur, onların problem və qayğıları ilə maraqlanır, mütəmadi olaraq sakinlərlə görüşlər keçirir.

Göstərilən diqqət və qayğının nəticəsidir ki, icra başçısına müraciət edən hər bir insan ondan razı halda ayrılır.

Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə vətəndaşlara diqqət və qayğı ilə yanaşılır. Rayon rəhbərinin rəsmi qəbul günü artıq rəmzi xarakter daşıyır.

Çünki Alimpaşa Məmmədov rayon sakinlərini hər gün, hər saatda, hər yerdə qəbul edir və dinləyir.

Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.

Bu gün daha bir səyyar görüş rayonun Könüllü kəndində keçirildi.

Könüllü kənd tam orta məktəbində baş tutan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla yanaşı, İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, media nümayəndələri və kənd sakinləri iştirak edib.

Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Bu cür görüşlərin ölkə başçısı Cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirən icra başçısı Prezident Cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

İcra başçısı qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin respublikamızın hər yerinə olduğu kimi, Şəmkir rayonuna göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.

Bu günə kimi sakinlər tərəfindən qaldırılan problemlərin anında həll olunduğunu vurğulayan kənd ağsaqqalları bütün bunlara görə öz təşəkkürünü bildirib: “Şəmkirlilər hər zaman dövlətimizi dəstəkləyib. Çünki biz cənab Prezident İlham Əliyevə, ölkə rəhbərimiz də hər zaman bizə inanıb”.

Görüşdə vətəndaşlar tərəfindən içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, məktəb təmiti, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.

Qeyd olunan məsələlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər